Dünya mərkəzi bankları dollara investisiyaları azaldır və “çoxqütblü” sistemə keçir

12:22 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Yaxın onillikdə dünyada getdikcə daha çox mərkəzi bank ABŞ dollarına investisiya həcmini artırmaq əvəzinə azaltmağı planlaşdırır, çünki Amerika valyutası ilə bağlı siyasi risklər artır.

ABC.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, OMFIF tərəfindən aparılan sorğunun nəticələrində əks olunub.

Bu, OMFIF-in sorğusunda dollardan uzaqlaşma istiqamətində belə bir dəyişimin ilk dəfə qeydə alınmasıdır.

Eyni zamanda mərkəzi bankların qızıl ehtiyatları artıb.

Sorğu göstərib ki, mərkəzi bankların təxminən 79%-i və dövlət fondlarının 60%-i qlobal pul sisteminin “çoxqütblü” dünyaya keçdiyini hesab edir.

Bununla yanaşı, səkkiz ən iri valyutadan fərqli valyutalar ehtiyat aktivləri arasında mövqelərini tədricən gücləndirir. Mərkəzi banklar Norveç kronu və Yeni Zelandiya dollarına investisiyaları artırmağa, həmçinin funt sterlinqə marağı yüksəltməyə çalışırlar.