Ötən ay könüllü həyat sığortası sahəsində zərərlilik nisbəti 63% səviyyəsində olub

11:04 - 29.08.2025


29 avqust, Fineko/abc.az. 2025-ci ilin iyul ayı üzrə Azərbaycanda könüllü həyat sığortası sahəsində zərərlilik nisbəti 63% səviyyəsində olub.

Bu göstərici, sığorta ödənişlərinin sığorta haqları yığımına nisbətini ifadə edir və dünya standartları ilə müqayisədə yüksək hesab olunur.

ABC.AZ Mərkəzi Bank tərəfindən təqdim olunan statistik göstəricilərə istinadən  xəbər verir ki, 2024-cü ilin eyni dövründə zərərlilik nisbəti 59% olub, bu da ötən il ilə müqayisədə 4 faiz bəndi artım deməkdir.

Yanvar-iyul 2025 dövründə sığorta haqları 472,2 milyon manat, sığorta ödənişləri isə 372,7 milyon manat təşkil edib. Həyat sığortasının əsas hissəsini formalaşdıran həyatın yaşam sığortasında 447,62 mln. manat yığım və 369,57 mln. manat ödəniş həyata keçirilib.

Ümumilikdə, son doqquz ildə iyul ayları üzrə zərərlilik nisbəti 32%-dən 63%-ə qədər dəyişərək sektorda dalğalanmaların olduğunu göstərir.