Rusiyada "Avro-2" – "Avro-5" standartlı yanacağın pərakəndə satışına icazə verilib

21:43 - 31.08.2026


31 Avqust, Fineko/abc.az. Rusiya Federasiyası Energetika Nazirliyi sentyabrın 1-dən etibarən "Avro-2", "Avro-3", "Avro-4" və "Avro-5" ekoloji siniflərinə aid benzin və dizel yanacağının ümumi bazar şərtləri ilə tədarükünə və pərakəndə satışına icazə verildiyini elan edib.

Nazirliyin məlumatına görə, Hökumətin qəbul etdiyi bu qərar 2026-cı il sentyabrın 1-dən 2027-ci il iyunun 30-dək qüvvədə olacaq. Əvvəllər neft emalı zavodları (NEZ) tərəfindən istehsal olunan bu markalı benzin və dizel yanacağı yalnız daxili müqavilələr çərçivəsində tədarük edilə bilərdi və onların yanacaqdoldurma məntəqələrində (YDM) satışı məhdudlaşdırılmışdı.

Müəyyən edilmiş keçid dövründə göstərilən yanacaq növləri bazara vahid və bərabər şərtlər əsasında çıxarılacaq ki, bu da daxili yanacaq bazarında təklifin həcmini artırmağa və qiymət sabitliyini qorumağa yönəlib.